Ramin Mahmudzadə

Ramin Əlinazim oğlu Mahmudzadə (31 avqust 1935, Bakı9 avqust 2022) — fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985–1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999–2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002–2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, əməkdar müəllim,[1] 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[2][3][4]

Ramin Mahmudzadə
Doğum tarixi31 avqust 1935(1935-08-31)
Doğum yeri
Vəfat tarixi9 avqust 2022(2022-08-09) (86 yaşında)
Vətəndaşlığı
AtasıƏli Nazim
Elm sahələrifizika, riyaziyyat
Elmi dərəcəsifizika-riyaziyyat elmləri namizədi[d]
Elmi adıdosent
İş yerləri
Mükafatları"Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar müəllimi

İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan alim kimi tanınır.[5]

XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmlərinin (informatika) Azərbaycanda inkişafında onun böyük rolu olmuşdur. Bu baxımdan o, həm də Azərbaycanın ilk proqramçısı sayılırdı.[6]

Həyatı

Ramin Mahmudzadə Əlinazim oğlu 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi Ukraynada bitirmişdir. 1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitununa daxil olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir.[7][8]

1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir. 1968–1973-cü illərdə Azərbaycan EA Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinə qayıtmış, tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs demişdir. Əvvəlcə baş müəllim, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra dosent, kafedra müdiri vəzifəsində işləmişdir.

1970-ci illərin əvvəllərində respublikada ilk dəfə ilk olaraq 164 sonra 134 saylı orta məktəblərdə proqramçı siniflərinin banisi olmuşdur.[5]

1989-cu ildə Respublikada məktəblərdə kompüterlərin tətbiqi ilə bağlı Ümumittifaq Pilot Layihəsinin başçısı olmuşdur. Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar ki, hamısında jüri sədri olmuşdur. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəridir. Ölkədə və dünyanın bir sıra ölkələrində olan bir çox İT şirkətlərdə, banklarda, Tətbiqi riyaziyyat və İqtisadi Kibernetika ixtisası üzrə təhsil almış, Ramin Mahmudzadə məktəbini keçmiş kadrlar işləyirlər. 1999-cu ildən Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri olmuşdur.[9]

İstinadlar

  1. "Bakı Dövlət Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2022-08-30.
  2. Mahmudzadə Ramin Əlinazim oğlu
  3. "İnformatika sahəsində tanınmış alim Ramin Mahmudzadə vəfat edib". ict.az. İstifadə tarixi: 2022-08-30.
  4. ""Şöhrət" ordenli azərbaycanlı alim vəfat etdi". Qafqazinfo (az.). 2022-08-09. İstifadə tarixi: 2022-08-30.
  5. 1 2 "Ramin Mahmudzadə: İlk azərbaycanlı proqramçılar dünyanın ən iri şirkətlərində aparıcı mütəxəssislər oldu (FOTO)". Trend.Az (az.). 2019-09-23. İstifadə tarixi: 2022-08-30.
  6. ""Sadə İNSAN, böyük MÜƏLLİM"". Azərbaycan müəllimi (az.). İstifadə tarixi: 2022-08-30.
  7. Nizami MİRZƏ, Ramin Mahmudzadə (həyatı)// Azərbaycan müəllimi.- 2010.- 3 sentyabr.- S.4.
  8. "Azərbaycanda tanınmış alim vəfat edib". Oxu.Az (az.). 2022-08-09. İstifadə tarixi: 2022-08-30.
  9. "Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib". Report İnformasiya Agentliyi (az.). İstifadə tarixi: 2022-08-30.